İsrail rejiminin ordusu şəxsi heyət çatışmazlığı ilə mübarizə apardığı bir vaxtda, İsrail əsgərləri hərbi xidmətdən və Qəzzə zolağındakı müharibədən qaçırlar.
Xarici KİV-in verdiyi məlumata görə, İsrail rejiminin televiziyası kanallarından biri bu gün (çərşənbə axşamı) açıqlayıb: Cari ilin əvvəlindən bəri 340 əsgər Ben Qurion hava limanında ölkədən qaçmaq istədikləri üçün saxlanılıb.
Məlumata görə, saxlanılanların 70-i xidmətdə olan hərbçilər olub və onların çoxu “Haredilər” kimi tanınan ultra-ortodoks yəhudi cərəyanına mənsubdur.
İsrail mənbələri digər saxlanılanların kimliyini açıqlamayıb, lakin bildirilib ki, orduda hazırda “Xidmətdən Qaçanlara Rəhm” adlı bir proqram müzakirə olunur. Bu proqram çərçivəsində əsgərlərin cəzalandırılmadan yenidən orduya qayıtmasına imkan veriləcək. Proqramın yaxın günlərdə tətbiq olunacağı gözlənilir.
2023-cü ilin 7 Oktyabrında Qəzzə zolağında müharibənin başlamasından sonra sionist ordusu ciddi insan resursu çatışmazlığı və artan hərbi xidmətdən qaçma halları ilə üzləşib. Qəzzədə müharibəyə qoşulmaq üçün genişmiqyaslı ehtiyat qüvvələrin səfərbərliyi ordunun üzərində görünməmiş təzyiq yaradıb və əsgərlər arasında narazılıqları artırıb.
Hesabatlara görə, xeyli sayda ehtiyat hərbiçi xidmət müddətinin uzanması, təkrarlanan müharibələrdən doğan fiziki və psixoloji yorğunluq, eləcə də iqtisadi və şəxsi narahatlıqlar səbəbindən öz bölmələrinə qatılmaqdan imtina edərək, müharibədən qaçmağın yollarını axtarırlar.
İsrail rejiminin dini məktəblərinin tələbələrinin hərbi xidmətdən azad olunması məsələsi də illərdir mübahisə doğurur və bu məsələ rejimin Ali Məhkəməsinin son qərarı ilə ciddi bir böhrana çevrilib.
Ali Məhkəmə orduda qüvvə çatışmazlığı səbəbilə bu tələbələrin hərbi xidmətə çağırılmasına qərar verib. Lakin Haredi (ultra-ortodoks) cəmiyyətinin bu qərara qarşı sərt müqaviməti və gəncləri hərbi xidmətdən yayınmağa təşviq etməsi İsrail ordusu üçün yeni və çətin bir problem yaradıb.