İmam Rzanın (ə) müqəddəs hərəmində üç ruhaniyə hücum edən şəxsin kimliyi ilə bağlı ətraflı məlumat əldə olunub.
Ötən gün soyuq silahla (bıçaqla) silahlanmış şəxs İmam Rzanın (ə) müqəddəs hərəmindəki Peyğəmbər (s) həyətində üç din xadiminə hücum edərək onlardan birini şəhid edib, iki din xadimini isə yaralayıb.
Yaralanan şəxslərdən birinin vəziyyəti indiyə qədər ağır olaraq qalmaqdadır.
“Təsnim” informasiya agentliyinin müxbiri xəbər verir ki, hücum edən şəxs bir il əvvəl Pakistan sərhədindən qeyri-qanuni yollarla İrana daxil olan və sonra müqəddəs Məşhəd şəhərində məskunlaşan 21 yaşlı “Əbdüllətif Muradi” adlı özbəkdir.
O, qardaşı ilə birlikdə Məşhəddə yükdaşıma işlərində çalışırmış və onlar Məşhədin Mehrabad bölgəsində məskunlaşıblar.
Əbdüllətif Muradi sünni müsəlmanlardan fərqli olaraq şiələri “rafizi” alandıraraq onları kafir hesab edən təkfirçi ideologiyaya malikdir və onların qanının tökülməli olduğuna inanır.
O, dünən (6 aprel çərşənbə axşamı) saat 13 radələrində nisbətən böyük bir bıçaqla imam Rza (ə) hərəminə daxil olub və ruhani libaslı insanlara hücum etmək üçün Peyğəmbər (s) həyətində gözləyib.
Saat 14:16-da o, üç din xadiminə hücum edərək onları bıçaqlayıb. Təsnimin müxbiri bildirib ki, o, ruhanilərdən birinə 20 bıçaq zərbəsi vurub və nəticədə həmin şəxs hadisə yerindəcə şəhadətə çatıb.
Qatilin bəzi sosial şəbəkələrdə də “Əbdüllətif Əs-Sələfi”, “Həsən Muradi” və “Əbul-Aqib Əl-Müvəhhid” kimi müxtəlif adlarla aktiv fəaliyyət göstərdiyi, təkfirçilik ideyalarını yaymaq və şiələrlə qarşıdurma yaratmağa çalışdığı bildirilir.
Əbdüllətif Muradinin iki qardaşı da daxil olmaqla, onunla əməkdaşlıq etməkdə ittiham olunan 6 nəfər şübhəli də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Hazırda onlar barəsində istintaq aparılır.