Özlərini İslam yönümlü kimi təqdim edən suriyalı üsyançılar İsrail rejiminin məqsədləri ilə uyğun addım ataraq Fələstin müqavimətinin bəzi yüksək rütbəli üzvlərini həbs ediblər.
Xarici KİV-in verdiyi məlumata görə, bir neçə Fələstin mənbəsi Almaniya xəbər agentliyinə bildirib ki, Suriyadakı üsyançı hökumətə bağlı təhlükəsizlik qüvvələri Fələstinin İslami Cihad Hərəkatının Suriyadakı məsulu Xalid Xalid və Suriya Cəbhəsinin təşkilati komitəsinin məsulu Əbu Əli Yasiri Dəməşqdə saxlayıblar.
Mənbələrin bildirdiyinə görə, fələstinli və ərəb liderləri həm Suriyada, həm də xaricdə bu iki müqavimət liderinin azad edilməsi üçün diplomatik səylər göstərirlər.
Fələstinin İslami Cihad Hərəkatının hərbi qolu olan Səraya əl-Qüds yaydığı bəyanatda iki yüksək rütbəli üzvünün həbsini təsdiqləyib və üsyançı Suriya hökumətindən onların dərhal azad edilməsini tələb edib.
Fələstin müqavimətinin əsas qruplarından biri olan İslami Cihad Hərəkatı Suriyanın paytaxtı Dəməşqdə bir neçə qərargaha malikdir. Bu qərargahlar dəfələrlə sionist rejimin hücumlarına məruz qalıb. Bu hücumların sonuncusu 13 Mart tarixində baş verib. Həmin vaxt İslami Cihad Hərəkatının baş katibi Ziyad Nəxalənin Dəməşqin şimalında yerləşən Dumar məhəlləsindəki evi İsrail rejiminin raket hücumunun hədəfi olub.
Bu, Suriyada Fələstin müqavimətinin yüksək səviyyəli bir üzvünün ilk dəfə həbs olunmasıdır. Hal-hazırda Suriyada 13-dən çox Fələstin qrupu fəaliyyət göstərir, baxmayaraq ki, bəziləri – o cümlədən Fələstinin Azadlığı üçün Xalq Cəbhəsi – ölkəni tərk ediblər.
Suriyada fəaliyyət göstərən bəzi Fələstin qruplarının hərbi bölmələri də var və onlar Dəməşq və onun ətrafında hərbi bazalara malikdirlər. Bu qruplar həm müharibə dövründə, həm də bölgədəki siyasi və təhlükəsizlik balansında mühüm rol oynayırlar.