Sionist rejiminin Mərkəzi Statistika Təşkilatının son hesabatı cari ilin birinci yarısında Tel-Əviv ilə ərəb ölkələrinin paytaxtları arasındakı ticarət mübadiləsinin həcminin artdığını göstərir.
Sionist rejiminin Mərkəzi Statistika Təşkilatının hesabatına əsasən, bu rejim ilə BƏƏ arasındakı ticarət mübadiləsinin həcmi 2024-cü ilin İyun ayında 271.9 milyon dollara çatıb. Bu da, ötən ilin eyni ayı ilə müqayisədə 5% artım deməkdir.
“İbrahim sülhü” adlanan müəssisə bildirib ki, 2024-cü ilin ilk 6 ayında sionist rejimi və BƏƏ arasındakı ümumi ticarət mübadiləsi 2023-cü ilin eyn dövrü ilə müqayisədə 7% artaraq 1.66 milyard dollara çatıb.
Sionist rejiminin Behreynlə olan ticarət mübadiləsinin həcmində əhəmiyyətli dərəcədə artım müşahidə olunub və 2024-cü ilin İyun ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 740% artaraq 16.8 milyon dollara çatıb. Buna əsasən, 2024-cü ilin birinci yarısında Tel-Əviv və Manama arasındakı ticarət mübadiləsinin həcmi 879% artaraq 70.5 milyon dollara çatıb.
İbrahim sülhü müəssisəsi Amerikanın qeyri-partiya təşkilatıdır. Bu təşkilat İsrail rejimi ilə ərəb ölkələri arasında kompromis sazişlərin icra olunmasını və genişləndirilməsini dəstəkləyir.
Mərakeşin İsrail rejimi ilə ticarət həcmi 2024-cü ilin İyun ayında 8.5 milyon dollara çatıb. Bu, ötən illə müqayisədə 124% artım deməkdir. İlk 6 ay ərzində tərəflər arasındakı ümumi ticarət mübadiləsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 64% artaraq 53.2 milyon dollara çatıb.
Verilən bu hesabat, həmçinin İsrail rejimi ilə Misir arasında nəzərəçarpacaq dərəcədə artım olduğunu göstərir. Çünki bu ticarətin dəyəri 2024-cü ilin İyun ayında əvvəlki illə müqayisədə 29% artıb və 35 milyon dollara çatıb. Bu əsasla da, 2024-cü ilin ilk 6 ayında tərəflər arasındakı ümumi ticarət mübadiləsi 246.6 milyon dollara çatıb. Bu da, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 53% artım deməkdir.
Digər tərəfdən də, İsrail rejimi ilə İordaniya arasındakı ticarətdə azalma müşahidə olunub. 2024-cü ilin İyun ayında iki tərəf arasında ticarət həcmi 2023-cü ilin İyun ayı ilə müqayisədə 14% azalaraq 35 milyon dollara çatıb. 2024-cü ilin ilk 6 ayında tərəflər arasındakı ticarət həcmi 16% azalıb və 213.8 milyon dollara çatıb.
Bəzi ərəb ölkələrinin İsrail rejimi ilə ticarət əməkdaşlıqları bu rejimin 2023-cü ilin Oktyabr ayının 7-dən etibarən Qəzzə zolağına qarşı dağıdıcı müharibə başlatdığı və indiyə qədər 40 mindən çox fələstinlinin həyatına son qoyduğu bir vaxtda genişlənib.