Sionist rejimi bir daha ABŞ-ın birbaşa dəstəyi ilə Qəzzə zolağına qarşı genişmiqyaslı hücuma başlayıb və atəşkəs müqaviləsini pozub.
Bu addımlar beynəlxalq ictimaiyyətin Qəzzə zolağında yaşanan humanitar fəlakətə diqqət çəkdiyi, blokadaların və hücumların davam etməsini humanitar böhranın genişlənməsinə səbəb olaraq gördüyü bir vaxtda atılır.
Eyni zamanda ABŞ Yəməndəki hücumlarını gücləndirib və Ənsarullah mövqelərini hədəf alıb. Bu, yalnız Qırmızı dənizdəki döyüşlərin gərginləşməsinə səbəb olmaqla qalmır, həm də Vaşinqtonun bölgədəki nüfuzunu artırmaq üçün müharibə təmayüllü yanaşmasını göstərir. Bu hücumlar gəmiçilik təhlükəsizliyini təmin etmək adı altında həyata keçirilir, amma əslində ABŞ və müttəfiqlərinin hegemoniyasını möhkəmləndirmək və regiona müdaxilə etmək məqsədi güdür.
Bundan əlavə, ABŞ-ın İran İslam Respublikasına qarşı təhdidləri bir daha artıb və ABŞ rəsmiləri təhdid edici ifadələrdən istifadə edərək, Tehranı əsassız ittihamlarla hədəf alıblar. Bu bəyanatlar yalnız beynəlxalq hüququn açıq şəkildə pozulması deyil, həm də ABŞ-ın regionda yeni gərginliklər yaratmaq üçün göstərdiyi səyin göstəricisidir. Vaşinqtonun son illərdəki müdaxiləçi siyasətləri dəfələrlə Yaxın Şərqdə sabitliyi pozub və görünür ki, bu yanaşma hələ də davam edir. Tramp və Ağ Evdəki yeni komanda müharibələri sona çatdırmaq niyyətində deyillər.
Ümumilikdə, sionist rejimin Qəzzəyə qarşı başlayan hücumları, ABŞ-ın Yəmənə qarşı təcavüzləri və İranın əleyhinə davamlı təhdidlər, hamısı Vaşinqton və müttəfiqlərinin bölgənin sabitliyinin pozulmasına hesablanmış strategiyasının göstəricisidir; bu strategiya Yaxın Şərqi əvvəlkindən daha böyük bir böhranla üz-üzə qoyub.