Sionist rejimin baş naziri, Şabak rəhbərinin bu rejimin Ali Məhkəməsində ifşalar edəcəyindən qorxaraq, onun məhkəmədə iştirak etməməsi üçün təkliflər irəli sürüb.
Sionist rejimin radio və televiziya təşkilatının verdiyi məlumata görə, Netanyahu Şabak rəhbəri “Ronen Bar”a təzyiq göstərib ki, onu vəzifədən azad etməklə bağlı qərarın ləğvi məsələsini araşdıran məhkəməyə hesabat təqdim etməsin.
İsrailin radio və televiziya qurumu əlavə edib ki, Netanyahunun ofisi Şabak rəhbərinə müəyyən olunmuş vaxtda təqaüdə çıxmağı təklif edib və bunun qarşılığında onun öz yerinə təyin olunacaq şəxsin seçilməsində iştirakına icazə veriləcək.
İsrail mediasının yazdığına görə, Netanyahunun Bar-a ötürdüyü mesajın mahiyyəti belədir: “Məhkəmədə ifadə vermə, razılaşma əsasında vəzifəndən ayrıl. Vəzifənin bitmə tarixi üzrə razılaşma aparılacaq və öz yerinə təyin olunacaq şəxsin seçilməsində iştirak edə biləcəksən.”
Ronen Bar Mossad rəhbəri ilə birlikdə atəşkəs razılaşması üzrə İsrailin danışıqlar heyətində yer alırdı və o, razılaşmanın davam etdirilməsi və bütün sionist əsirlərin azad olunmasının vacibliyini vurğulayırdı. Lakin Netanyahu bu iki şəxsi danışıqlar heyətindən çıxararaq onların yerinə özünə yaxın şəxs olan Strateji Məsələlər naziri Ran Dermer-i gətirdi. Bununla Netanyahu məhkəmədən yayınmaq və hakimiyyətdə qalmaq məqsədilə atəşkəs razılaşmasını pozdu və HƏMAS-ın razılaşmaya sadiq qalmasına baxmayaraq, Qəzzə zolağına qarşı müharibəni yenidən başladı.
Bar daha əvvəl 7 Oktyabr uğursuzluğunda (Əqsa Tufanı əməliyyatı) məsuliyyəti öz üzərinə götürərək istefa verəcəyini bildirmişdi. Lakin o, rəsmi istintaq komitəsinin yaradılmasına əmin olmadan və səyləri bütün əsirlərin azadlığı ilə nəticələnmədən vəzifəsini tərk etməyi düşünmədiyini qeyd etmişdi.
O, həmçinin Şabak təşkilatının xaricindən bir şəxsin onun yerinə rəhbər təyin edilməsinə icazə verməyəcəyini vurğulamışdı.