Los-Ancelesdəki etirazların ilk dörd günündə ən azı 378 nəfər həbs olunsa da, şəhərin polis idarəsi “kütləvi həbslərə” yenicə başladığını açıqlayıb.
Xarici KİV-in məlumatına əsasən, Los-Ancelesdəki son etirazlar şəhər mərkəzinin bəzi yerlərində komendant saatı tətbiq edilməsinə səbəb olub və eyni zamanda, Los Anceles Polis İdarəsi dünən etirazçıların “kütləvi həbslərinə” başladığını elan edib.
Etirazlar cümə günü ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) qüvvələrinin onlarla insanın, o cümlədən iş yerlərində həbs olunması ilə nəticələnən reydindən sonra başlayıb. Mühacirlərin saxlanmasına qarşı son etiraz dalğası tez bir zamanda Los-Ancelesdən Nyu-York, Çikaqo, Sietl, Denver, San-Fransisko, Atlanta və digər bölgələrə yayılıb.
Texasda Respublikaçı Qubernator Qreq Abbott qarşıdan gələn planlaşdırılan etirazlar ərəfəsində ştatın müxtəlif bölgələrində Milli Qvardiya üzvlərinin yerləşdirildiyini bildirib.
ABŞ federal hökuməti vəziyyətə nəzarət etmək üçün təxminən 4000 Kaliforniya Milli Qvardiya əsgəri və 700 dəniz piyadasını Los-Ancelesə və onun ətrafına göndərib; Kaliforniya Demokratik Qubernatoru Gavin Newsom bunu demokratiya və ictimai təhlükəsizliyə təhdid adlandırıb.