İngilis mediası Böyük Britaniya ordusunun xüsusi qüvvələrinin və komando dəstələrinin Əfqanıstan və İraqın işğalı zamanı törətdiyi cinayətləri əks etdirən sənədli filmi ilk dəfə yayımlayıb.
Xarici KİV-in verdiyi məlumata görə, bu sənədli film BBC1 kanalının “Panorama” proqramının araşdırmalarına əsaslanaraq hazırlanıb və bazar ertəsi gecəsi bu kanalda yayımlanıb.
Proqramda keçmiş Britaniya ordusunun hərbçilərinin ifadələrindən istifadə olunub. Onlar uzun müddət davam edən susqunluqdan sonra öz komandalarının və digər ingilis hərbçilərinin davranışlarını, eləcə də törətdikləri cinayətlərin necə video lentlərə çəkildiyini ifşa ediblər.
Bu şahidlər İngiltərə xüsusi qüvvələrinin “SAS” adlanan dəstələrinin silahsız və müdafiəsiz sakinlərə qarşı törətdikləri cinayətləri, o cümlədən insanların yatdığı vaxt öldürülməsi və uşaqlar da daxil olmaqla, saxlanılanların edam edilməsini təsvir ediblər.
“SAS” qüvvələri ilə işləyən keçmiş bir hərbçi bildirib: Onlar gənc bir oğlanı bağlayıb ona atəş açdılar. Aydın görünürdü ki, o sadəcə bir oğlan idi və döyüşəcək yaşda deyildi.
O, əlavə olaraq deyib ki, saxlanılanların öldürülməsi artıq “adi hala çevrilmişdi” və onlar “kimisə yoxlayanda, onu bağlayır və sonra güllələyirdilər.” Daha sonra isə “silahı onun bədəninin üstünə qoyurdular” ki, guya həmin şəxs təhlükə törədirmiş kimi göstərsinlər.
Eyni xüsusi qüvvələr bölməsində xidmət edən digər bir hərbçi isə bildirib ki, bəzi hərbçilər “qiyamçı düşüncəyə” sahib idilər.
O, bu hərbçilərin əməliyyatlar zamanı etdiklərini “vəhşilik” adlandırıb və bildirib: “Mən sakit təbiətli hərbçiləri gördüm ki, psixoloji sarsıntıya məruz qaldılar. Onlar qiyamçı idilər və elə hesab edirdilər ki, heç kim onlara toxunmayacaq.”
Xüsusi qüvvələrin əməliyyatlarının gizli xarakteri səbəbindən adlarını açıqlamaq istəməyən şahidlərin dediyinə görə, bu qüvvələr İraq və Əfqanıstandakı əməliyyatlar zamanı mütəmadi və qəsdən müharibə qanunlarını pozublar.
İngiltərənin xüsusi qüvvələri Taliban qüvvələrindən və partlayıcı maddələrdən müdafiə məqsədilə Əfqanıstana göndərilmişdi. Bu müharibə Britaniya ordusu üçün çox ağır oldu və 457 nəfər ölü, minlərlə yaralı ilə nəticələndi.
Xüsusi qüvvələr bölməsində xidmət etmiş veteranlardan biri bildirib: Onlar qarşılarında bir və ya iki dəfə görünən hədəfi dərhal öldürmək məqsədi ilə əməliyyata girirdilər, heç bir şəkildə onu həbs etmək üçün cəhd göstərmirdilər.
O, sözlərinin davamında qeyd edib: Bəzən məqsədin kimliyini yoxlayıb təsdiqləyirdik və sonra ona atəş açırdıq. Amma çox vaxt döyüş komandası orada kimi tapırdısa, öldürürdü.
Xüsusi qüvvələrdə çalışan şahidlərdən biri bildirib ki, öldürmək bir “asılılığa” çevrilə bilər və bu bölmənin bəzi üzvləri “bu hissdən zövq alırdılar və çoxları insan öldürmə xəstəliyinə tutulmuşdu.
Xüsusi qüvvələrdə xidmət etmiş başqa bir keçmiş hərbçi isə deyib ki, bir bölgəni nəzarət altına aldıqdan sonra komandalar müxtəlif ərazilərdə axtarış aparır və qarşılarına çıxan hər kəsə atəş açırdılar. Sonra cəsədləri yoxlayır və sağ qalanlara son gülləni vururdular.
Bu hərbçi bir əməliyyatı təsvir edərək deyib: Bir tibb işçisi yaralı bir şəxsi müalicə edirdi. Bizim adamlardan biri gəlib həmin adama yaxın məsafədən atəş açdı.
Həmin hərbçi bildirib: Bu, tamamilə lazımsız bir qətl idi. Bu, mərhəmət deyil, cinayət idi.
İngiltərə xüsusi qüvvələrinin bir zabiti də İraqda bir şəxsin edam olunduğu bir əməliyyatdan necə xəbər tutduğunu izah edərək deyib: Çox aydın idi. Mən nəticəyə gəldim ki, heç bir təhdid yox idi və həmin şəxs silahlı deyildi. Bu, utancverici idi və bu mövzuda heç bir peşəkar davranış göstərilmədi.
Bu cinayətlərdən birində, hansı ki, İngiltərə xüsusi qüvvələri arasında geniş yayılmışdı və dillərdə dolaşırdı, bir İngilis hərbçi bir yaralı Əfqan kişini başını kəsərək qətlə yetirib.
Bu hərbçi komandirindən həmin yaralı kişiyə güllə atılmamasını, əksinə, onu bıçaqla öldürməsini istəyib.
Bu davranış təkcə fərdi bir hərəkət deyildi və ya yalnız kiçik bir qrup hərbçi bundan xəbərdar deyildi, əksinə, hamı, o cümlədən xüsusi qüvvələrin komanda strukturu da bundan xəbərdar idi.
Xüsusi qüvvələrdə xidmət etmiş keçmiş bir hərbçi bu barədə deyib: Mən şəxsi məsuliyyətdən qaçmıram, amma hamı bilirdi. O vaxtlar baş verənlərə qarşı ümumi bir razılıq var idi.