Fars Körfəzi ərəblərinin sionist rejimlə Qəzzədəki müharibəsi zamanı əməkdaşlığı iqtisadi münasibətləri aşan genişmiqyaslı səviyyələrə çatıb ki, bu da fələstinlilərin kürəyinə saplanan bir xəncərdir.
Ərəb hökmdarlarının fələstinlilərə qarşı soyqırıma və Fələstin məsələsinə qarşı qurulan sui-qəsdə biganə qalması nə gözlənilməz, nə də təəccüblüdür.
İllərdir ki, bu ölkələrin İsraillə münasibətləri genişlənməkdədir və bu, yalnız Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri ilə məhdudlaşmır. Bu prosesə Səudiyyə Ərəbistanı da daxildir. Bildirilir ki, normallaşma sazişlərinin uğuru səudiyyəlilərin dolayı razılığı ilə baş tutub və bu razılaşmalarda Qətər həm səhnəarxası oyunçu, həm də vasitəçi rolunu oynayıb.
Bu dəstəyin bəzi formaları hələ də gizli saxlanılsa da, amerikalı və israilli rəsmilərin təkrarlanan açıqlamaları bu ölkələrin İsrailin regiondakı təhlükəsizliyini dəstəkləməkdə oynadığı əhəmiyyətli rola işarə edir.
İqtisadi əməkdaşlıq
İsrailin fələstinlilərə qarşı cinayətlərinin artmasına və bu cinayətlərin dünya xalqları tərəfindən geniş şəkildə qınanmasına, habelə İsrailə qarşı iqtisadi sanksiyaların tətbiq olunması tələblərinin təkrarlanmasına baxmayaraq, rəsmi məlumat və statistika göstərir ki, ərəb ölkələrinin İsraillə ticarət əlaqələri əhəmiyyətli dərəcədə artıb və hələ də artmaqda davam edir.
Bu ölkələrin başında isə şübhəsiz Birləşmiş Ərəb Əmirlikləri durur. Xüsusilə Qəzzada müharibənin başlanmasından sonra o, İsrailin ərəb dünyasındakı ən mühüm və bariz ticarət tərəfdaşına çevrilib.

BƏƏ-dən sonra isə qeyd olunmalı ölkə Bəhreyndir ki, İsrailin müharibəsinin ilk on ayında ticarət mübadiləsinin artımı inanılmaz və misilsiz 950 faiz səviyyəsində qeydə alınıb.
Bu dəstək yalnız ticarət sahəsini əhatə etmir. Müharibəyə və boykot çağırışlarına baxmayaraq, aparılan araşdırmalar göstərir ki, ərəb məhsullarının “koşer” və ya yəhudi “halal” markası ilə İsrailə ixracı davam edir.
Bu ticarət nişanları və etiketləri arasında BƏƏ-də fəaliyyət göstərən tanınmış və böyük şirkətlər, məsələn, “Al Barakah Dates” (البرکه للتمور) və “Hunter Foods” yer alır. Bunlarla yanaşı, Səudiyyə Ərəbistanının “Durrah” (دُرّه) şirkəti də qeyd olunur ki, bu şirkət İsrailə şəkər ixrac edir.
Digər tərəfdən, Qətər neftdən əldə edilən və plastik sənayesində istifadə olunan xammal məhsullarının ixracına cavabdehdir. Bəhreyn isə bildirib ki, İsrailin qeyri-qanuni məskunlaşmalarında (şəhərciklərində) istehsal olunan məhsulları idxal edir.
Bütün bu əməkdaşlıqlardan əlavə, araşdırmalar göstərir ki, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər, qeyri-qanuni məskunlaşmalarla məşğul olan şirkətlərin maliyyələşdirilməsində də rol oynayır. Bu maliyyələşdirmə Donald Trampın kürəkəni Cared Kuşnerə məxsus olan “Affinity Partners” şirkətinə sərmayə qoymaqla həyata keçirilir.
Bu şirkət -“Affinity Partners”- İsrail iqtisadiyyatının maliyyələşdirilməsində əsas rol oynayır. Onun fəaliyyətlərindən biri də şəhərciklərin (məskunlaşmaların) genişlənməsini dəstəkləyən “Phoenix” adlı maliyyə şirkətinə sərmayə yatırmaqdır.
“Phoenix” şirkəti İsrailin aparıcı banklarından olan Leumi, Hapoalim və Discount banklarının əsas səhmdarlarından biridir. Bu banklar isə şəhərcik salınması və onların genişləndirilməsi layihələrinin maliyyə mənbəyini təşkil edir.
Bundan əlavə, “Affinity Partners” İsrailin rabitə sahəsində fəaliyyət göstərən Cellcom və Partner kimi şirkətlərə də sərmayə yatırıb. Bu şirkətlər şəhərciklərdə mobil rabitə qüllələrinin qurulması və istismarı layihələrini həyata keçirirlər.

Bundan əlavə, “Phoenix” şirkətinin İsrailin inşaat sektorunda aparıcı rol oynayan “Electra” və “Shapir” kimi tikinti şirkətlərinə yatırdığı sərmayə də qeyd olunmalıdır. Bu şirkətlər İsraildə infrastruktur layihələrinin həyata keçirilməsində əsas aktorlardandır.
Bu dəstək Yəmən cəbhəsinin açılması ilə yeni ölçülər qazandı. Qırmızı dənizdə İsrail gəmilərinin hərəkətinin qadağan edilməsi – hansı ki, İsrailin ərzaq idxalının 70 faizini təşkil edir – ərəb ölkələrinin, xüsusilə Fars Körfəzi ölkələrinin bu rejimi xilas etmək üçün fəallaşmasına səbəb oldu.
BƏƏ ərzaq yüklərinin alternativ yollarla daşınmasını təmin etmək üçün mühüm rol oynadı. Dubay limanlarını Səudiyyə Ərəbistanı və İordaniya üzərindən keçərək Tel-Əvivə birləşdirən quru nəqliyyat körpüləri vasitəsilə yeni marşrutlar yaratdı.
Bəhreyn də öz limanlarını İsrailin mal daşımalarında yaranan böhranın həlli üçün istifadəyə verdi və bu ölkə, Çin və Hindistandan İsrail limanlarına gedən gəmilər üçün alternativ logistik mərkəzə çevrildi.
Hərbi əməkdaşlıq
İsrailin Qəzzəyə təcavüzünün başlanğıcından etibarən Birləşmiş Ərəb Əmirlikləri açıq şəkildə sionist rejimlə münasibətləri dərinləşdirməyə sadiq olduğunu bəyan etdi və bu münasibətlər xüsusilə silahlanma və hərbi texnologiya sahələrində real şəkil aldı.
Balkan Insight şirkəti 2024-cü ildə açıqladı ki, BƏƏ-yə məxsus ugoimport-SDPR şirkəti İsrailə 17.1 milyon dollar dəyərində silah ixrac edib. Bu silahlar Qəzzədə fələstinlilərin məhv edilməsində istifadə olunan İsrail hərbi təyyarələri vasitəsilə daşınıb.
Silah ticarəti ilə yanaşı, BƏƏ-nin İsrailə hərbi texnologiya sahəsində də dəstəyi artıb. Məsələn, BƏƏ-nin dövlətə məxsus EDGE şirkəti İsrailin bir neçə hərbi sənaye şirkətində, o cümlədən Rafael və Israel Aerospace Industries-də səhmlər alıb. Bu əməkdaşlıq layihələrindən biri mülki sərnişin təyyarələrinin yük təyyarələrinə çevrilməsi ilə bağlıdır ki, bu da bölgədə hərbi məqsədlər üçün istifadə oluna bilər.

Əbu-Dabi İsrail ordusunun əsas silah təchizatçıları olan Elbit Systems, Airbus və Third Eye Systems kimi tanınmış İsrail şirkətləri üçün Dubayda ofislər və filiallar açıb. Həmçinin IDEX 2025 sərgisində BƏƏ İsrailin 34 şirkətinə ev sahibliyi edib. Bu şirkətlər Qəzzə və Livan müharibələrində İsrail ordusunun istifadə etdiyi silahların təminatında əsas rol oynayıb.
Hesabatlar göstərir ki, İsraillə münasibətləri normallaşdıran ərəb ölkələri sionist rejimin silah ixracatının 25 faizini təşkil edir. Digər ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı və Qətər gizli şəkildə İsraillə hərbi əlaqələr qurur və bu rejimdən silah alır.
Səudiyyə Ərəbistanı bu silah alışlarını gizlətmək üçün müxtəlif üsullardan istifadə edir. Məsələn, İsrailin silahlarını ABŞ-da filialları olan şirkətlər vasitəsilə alır. Belə bir halda, Global Defense Systems şirkəti Klausman adlı ABŞ şirkətindən TOW raket sistemini alıb. Halbuki bu şirkət İsrailin Elbit Systems-in Amerikanın alt şirkətidir.
Həmçinin Səudiyyə Ərəbistanı İsrailin pərdələnmiş dronlarını almaq üçün onları Cənubi Afrikadan təmin edir və bu dronların Səudiyyəyə çatdırılmadan əvvəl müəyyən hissələrinin ayrılmasını və Səudiyyə Ərəbistanında montaj edilməsini tələb edir.
Başqa bir mühüm addım olaraq Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi yeni bir anti-dron sistemini təqdim edib. Bu sistemin İsrailin “Rada” şirkəti tərəfindən inkişaf etdirildiyi güman edilir və Elbit Systems şirkətinin istehsal etdiyi oxşar sistemə bənzəyir, hansı ki, İsrail silah bazarlarında bu cür texnologiyanı tanıdır.
Bu sistem Səudiyyə Ərəbistanının Hava Müdafiə Qrupunun Təbükdəki qərargahında, Şah Feysəl Hava Bazası yaxınlığında müşahidə edilib.

Digər tərəfdən, Qətər İsraillə hərbi əlaqələrini gizli şəkildə gücləndirməyə davam edir və bununla hava qüvvələrinin qabiliyyətlərini artırmağa çalışır. Qətər həmçinin hərbi avadanlıqlarının ehtiyat hissələrini İsraildən almağa davam edir.
Bundan əlavə, Doha və digər Fars Körfəzi ölkələri İsraillə birgə hərbi təlimlərdə iştirak edirlər. Bu təlimlərin ən sonuncusu isə bir neçə gün əvvəl Yunanıstanda keçirilib.