Wall Street Journal-ın yeni hesabatına görə, ABŞ-ın raket ehtiyatı İranın cavab hücumlarına qarşı İsrail rejiminə dəstək məqsədilə həyata keçirilən son əməliyyatlardan sonra “həyəcanverici həddə azalma” ilə üzləşib.
Qəzetin hesabatına görə, ABŞ bölgəyə iki ədəd qabaqcıl “THAAD” raketdən müdafiə sistemi (bütövlükdə qlobal ehtiyatların təxminən üçdə biri) göndərməsinə baxmayaraq, İran raketlərinin keçməsinin qarşısını ala bilməyib. Bu çatışmazlıq keçmiş Pentaqon rəsmisi Den Şapironun THAAD sistemlərinin göndərilməsini İsrailin təhlükəsizliyi üçün ABŞ-ın “həddindən artıq öhdəliyi” kimi qiymətləndirdiyi vaxt baş verib.
Amerikanın hazırda sahib olduğu yeddi THAAD sistemindən beşi ölkədən kənarda yerləşdirilib.
Bu vəziyyət ABŞ hərbi komandirlərinin narahatlığına səbəb olub, çünki bu sistemlər üçün əsaslı təmir, texniki xidmət və kadr hazırlığı üçün kifayət qədər vaxt yoxdur.
Mütəxəssislər həmçinin qeyd ediblər ki, Vaşinqton tez bir zamanda sionist rejimi qorumaq üçün Patriot raket sistemlərini yerləşdirsə də, ABŞ-ın bir neçə milyard dollarlıq müdafiə sistemi gözlənildiyi kimi fəaliyyət göstərməyib.
Wall Street Journal vurğulayıb ki, İranın raket hücumlarının həcmi o qədər böyük idi ki, ABŞ planlaşdırıcıları hətta Səudiyyə Ərəbistanı tərəfindən sifariş olunmuş raket müdafiə sistemlərini işğal olunmuş torpaqlara köçürməyi düşünmüşdülər.
Con Hopkins Universitetindən hərbi məsələlər üzrə ekspert Tri Frid mediaya bildirib ki, bütün raketlərin dəqiq izlənməsi və məhv edilməsi çox çətin işdir və raketdən müdafiə sistemləri belə vəziyyətlərdə adətən zəif performans göstərirlər.
Amerika qəzetinin hesabatının başqa bir hissəsində bu əməliyyatın ABŞ üçün ağır maliyyə yükü olduğu barədə məlumat verilib.
Bu hesabata əsasən, ABŞ raketlərindən başqa İsrail rejiminin raket ehtiyatları da sürətlə azalıb. Münaqişələrin sonunda bu rejimin “Arrow”, “David’s Sling” və “Iron Dome” raket müdafiə sistemlərinin ehtiyatları tamamilə tükənmək üzrə idi.
ABŞ rəsmilərindən biri etiraf edib: “Əgər İran bir neçə dalğa raket hücumunu daha həyata keçirərdisə, Tel-Əviv öz “Arrow 3” raket ehtiyatlarını tamamilə itirərdi.”
ABŞ mütəxəssisləri xəbərdarlıq ediblər ki, ölkənin raket müdafiə sistemi genişmiqyaslı təhdidlərə hazır deyil. Vaşinqton Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən “Tom Karako” deyib: “Başqa bir narahatlıq isə İranın belə hücumları təkrarlaması və bizim buna qarşı yenidən cavab vermək qabiliyyətimizin olmamasıdır.”