Qəzzə Humanitar Fondunun keçmiş podratçısı bildirib ki, yardımların paylanması mərkəzlərində silah daşıyan amerikalılar var və onlar Qəzzə zolağında baş verən hadisələrdə iştirak edirlər.
ABŞ ordusunun keçmiş xüsusi təyinatlı üzvü və “Qəzzə Humanitar Fondu”nun keçmiş podratçısı Antoni Aqilar bildirib ki, onların missiyası Qəzzə xalqına yardım çatdırmaq olduğunu düşünürdülər, lakin Qəzzədə mülki şəxslərin qorunmasını təmin edən heç bir göstəriş almayıblar.
Aqilar Qətər telekanalına deyib ki, əmək müqaviləsi rəsmilərin Qəzzə mülki şəxslərinin təhlükəsizliyinə biganə yanaşmasını üzə çıxarıb və yardımın paylanma məntəqələri əsasən ölüm tələləri kimi dizayn edilib.
O, Qəzzədə yardımlar üçün növbədə olan insanların idarə olunmasının insanlıqdan uzaq olduğunu, uşaqlar və qadınlar arasında aclıq və ümidsizliyin ciddi olduğunu vurğulayıb.
Keçmiş amerikalı hərbçi beynəlxalq müqavilələrin müharibə zonasında yardım məntəqələrinin mövcudluğunu qadağan etdiyini bildirərək, Qəzzə zolağında vəhşilik və müharibə cinayətləri baş verdiyini və buna imkan verilməməli olduğunu deyib.
Aqilar əlavə olaraq bildirib ki, Vitkofun yardım mərkəzlərinə ziyarəti sadəcə kameralar qarşısında nümayiş idi və onun olduğu zaman belə yardım gözləyən fələstinlilər öldürülüb.
Keçmiş podratçı qeyd edib ki, yardımları paylayan mərkəzlərdə silah daşıyan amerikalılar var və onlar Qəzzə zolağında baş verənlərdə iştirak edirlər.
O, Qəzzə haqqında real görüntülərin və mövcud sübutların inkar edilə bilməyəcəyini, gündə onlarla insanın Qəzzə zolağında öldürüldüyünü, bunun reklam yox, gerçəklik olduğunu vurğulayıb.
Aqilar bildirib ki, təhdidlər alıb, amma bu, həqiqətləri danışmaqdan onu çəkindirməyəcək.
Keçmiş podratçı son olaraq bildirib ki, Amerika bu faciədə iştirak edir və məsul şəxslər cavabdeh olmalıdırlar.
ABŞ və sionist rejimin birgə layihəsi olan “Qəzzə Humanitar Fondu” (GHF) təxminən iki ay öncə yaradılıb və yemək yardımları yalnız dörd məntəqədə paylanır; bu məntəqələr tamamilə İsrail ordusunun nəzarətindədir.
Qəzzə Səhiyyə Nazirliyi şənbə günü açıqlama verərək bildirib ki, son 24 saat ərzində ən az 7 fələstinli aclıq və pis qidalanmadan dünyasını dəyişib.
Nazirlik qeyd edib ki, aclıq və pis qidalanma səbəbindən Qəzzədə şəhid olanların sayı 169-a çatıb.