Berlində Almaniya polisi Fələstin Nikbətinin 77-ci ildönümünü qeyd edən etirazçılara şiddətlə hücum edib.
Mayın 15-də keçirilən tədbirdə 1948-ci ildə 700 mindən çox fələstinlinin öz torpaqlarından qovulması və sionist rejimin qurulması zamanı yüzlərlə fələstinli kəndinin dağıdılması xatırlanıb.
Məlumatlara görə, bu basqı zamanı qadınlar və uşaqlar da polis zorakılığına məruz qalıb.
X sosial şəbəkəsində dərc olunan yazılara görə, Berlin polisi həddindən artıq güc tətbiq edib, etirazçıları döyüb və bəzilərini həbs edib.
Fəalların fikrincə, bu repressiya Almaniyada illərlə güclənən Fələstin tərəfdarlarının səslərinin yatırılmasının daha geniş modelinin bir hissəsidir.
Bu repressiyaların tarixi son illərə gedib çıxır. 2022-ci ilin May ayında Berlin polisi Nikbət Günü ilə bağlı bütün nümayişləri qadağan etdi və 170-dən çox adamı Fələstin bayrağı və ya kəfiyyə (adətən boyun və ya baş ətrafına taxılan damalı qara və ağ rəngli fələstinlilərə aid örtük) geyindiyinə görə həbs etdi.
“Antisemitizmin” qarşısının alınması bəhanəsi ilə qoyulan bu qadağalar dəfələrlə hüquq müdafiəçiləri tərəfindən ifadə və sərbəst toplaşma azadlığının pozulması kimi qınanıb.
Amnesty International və Human Rights Watch kimi insan haqları təşkilatları bu tədbirləri “kollektiv cəza” və demokratik hüquqların pozulması kimi qiymətləndirib.
Fəallar bildirblər ki, xüsusilə 2023-cü il Oktyabrın 7-dən sonra bu təzyiqlər daha da şiddətlənib.
Bəzi etirazçılar, o cümlədən antisionist yəhudilər də polis zorakılığının hədəfinə çevriliblər.
Bu təzyiqlər Almaniyanın İsrail rejiminə qeyd-şərtsiz dəstəyi, o cümlədən silah ixracı səbəbilə geniş tənqidlərə məruz qaldığı bir vaxtda baş verib.
Fələstinli fəallar və insan haqları təşkilatları bu dəstəklərin dayandırılmasını və Almaniyada Fələstini dəstəkləyən səslərə qarşı təzyiqlərə son qoyulmasını tələb ediblər. Onların fikrincə, bu cür tədbirlər təkcə fələstinlilərin hüquqlarını pozmur, həm də Almaniyadakı ərəb və müsəlman icmalara qarşı ayrı-seçkilik siyasətinin göstəricisidir.