Avropa İttifaqının (Aİ) Fələstin üzrə Nümayəndəliyi İsrailin bağladığı fələstinli qeyri-hökumət təşkilatlarının (QHT) ittifaqın fondlarından sui-istifadə etməsinə dair iddiaların “əsassız” olduğunu açıqlayıb.
Türkiyə mediasına istinadən xəbər verir ki, Aİ nümayəndə heyətinin işğal altındakı İordan çayının qərb sahilindəki Ramallah şəhərində mülkləri müsadirə edilərək İsrail tərəfindən bağlanan 7 QHT-yə baş çəkməsindən sonra ofisdən yazılı açıqlama verilib.
“Fələstinin bir sıra qeyri-hökumət təşkilatlarının Aİ-nin vəsaitlərini sui-istifadə etməsi ilə bağlı iddialar təsdiqini tapmayıb”, – deyə məlumatda bildirilib.
Ofisin bəyanatında qeyd olunub ki, Aİ bundan sonra da beynəlxalq hüququn yanında olacaq və beynəlxalq hüququn, insan hüquqlarının və demokratik dəyərlərin inkişafında rol oynayan qeyri-hökumət təşkilatlarını dəstəkləyəcək.
Xatırladaq ki, İsrail ordusu dünən (18 avqust 2022) işğal altındakı İordan çayının qərb sahilinin Ramallah və Əl-Bire şəhərlərində 7 Fələstinin qeyri-hökumət təşkilatının (QHT) qapılarını “terror təşkilatı siyahısına salındığı” səbəbi ilə bağlayıb və onların inventarlarını müsadirə edib.
Almaniya, Fransa, İspaniya, Belçika, İsveç, Hollandiya, İtaliya və İrlandiya İsrailin bu təşkilatlara qarşı terror ittihamı ilə bağlı kifayət qədər dəlil təqdim edə bilmədiklərini bildirərək, Fələstinin 6 QHT-nə maliyyə dəstəyi verməyə davam edəcəklərini açıqlayıblar.