Yüksək rütbəli amerikalı məmur şəxsiyyətini açıqlamaqdan imtina edərək, Yəmənə qarşı təcavüzkar hücumlar zamanı mülki əhalinin öldürüldüyünü etiraf edib.
“Washington Post” qəzetinə istinadən verilən xəbərə əsasən, ABŞ Senatının üç demokrat üzvü cümə axşamı ölkənin müdafiə naziri Pit Hegstdən Yəməndə ABŞ ordusunun son hücumları zamanı onlarla mülki şəxsin həyatını itirməsi ilə bağlı hesabat verməsini tələb ediblər.
Merilend ştatından demokrat senator Kris Van Holen, Massaçusetsdən Elizabet Uorren və Virciniyadan Tim Keyn Hegstə xəbərdarlıq ediblər ki, ABŞ prezidenti Donald Trampın ikinci prezidentlik dövründə sülhsevər olacağı barədə davamlı iddiaları boş və mənasız görünür.
Bu senatorlar müdafiə nazirinə ünvanladıqları məktubda bildiriblər ki, insan həyatına qarşı bu cür ciddi etinasızlıq, Tramp administrasiyasının hərbi əməliyyatları ABŞ-ın mülki şəxslərə zərərin azaldılması ilə bağlı ən yaxşı təcrübələrinə və beynəlxalq hüquqa uyğun şəkildə həyata keçirmək qabiliyyətini şübhə altına alır.
Bir müdafiə rəsmisi verdiyi bəyanatda bildirib ki, ABŞ Müdafiə Nazirliyi Yəməndəki hücumların mülki itkilərə səbəb olduğu barədə hesabatlardan xəbərdardır və bu iddiaları çox ciddi qəbul edir, onların araşdırılması üçün bir prosedura malikdir.
2023-cü ilin Oktyabr ayında Qəzzə müharibəsinin başlamasından bəri, Yəməndəki Ənsarullah hərəkatı Fələstin qruplarına dəstəyini bəyan edərək, ballistik raketlər və pilotsuz uçuş aparatları vasitəsilə sionist rejimin hədəflərinə qarşı hücumlar həyata keçirib.
ABŞ və Böyük Britaniya sionist rejimi dəstəkləmək məqsədilə 15 Mart 2025-ci il tarixindən etibarən Yəmənə qarşı hava hücumlarına başlayıb və bu ölkənin yaşayış məntəqələrini və mülki obyektlərini hədəf alıblar.
Bütün bu hücumlara baxmayaraq, Yəmən silahlı qüvvələri hələ də Qəzzə zolağında müqavimətə və Fələstin xalqına dəstək məqsədilə əməliyyatlarını davam etdirir, işğal olunmuş ərazilərin mərkəzini, sionist rejimlə əlaqəli gəmiləri və hətta Amerika gəmilərini Qırmızı dəniz və Hind okeanında hədəf alır, həmçinin bir neçə qabaqcıl Amerika pilotsuz aparatını vurub məhv ediblər.