ABŞ senatoru, hökumətinin 2023-cü ildən bəri amerikalı vergi ödəyicilərinin 22 milyard dollar pulunu İsrailə hərbi dəstək üçün ayırdığını açıqlayıb.
Xarici KİV-in verdiyi məlumata görə, ABŞ senatoru Berni Sanders sərt bəyanatında ABŞ hökumətini İsrailin Qəzzədəki müharibəsinə dəstəyi dayandırmağa çağırıb.
O, müharibəni “qanunsuz” adlandırıb və onun dəhşətli nəticələrinə, o cümlədən geniş yayılmış aclıq və dinc əhalinin öldürülməsinə işarə edib.
Sanders bəyanatın bir hissəsində deyib: “21 aylıq amansız müharibədən sonra Netanyahu hökuməti Qəzzənin dağıdılmasının yeni və dəhşətli mərhələsinə qədəm qoyub. Amerika və beynəlxalq ictimaiyyət bu faciəyə biganə qalmaqda davam edə bilməz. Amerika vergi ödəyicilərinin pullarının, silahlarımızın və hökumət dəstəyimizin bu cür cinayətlərə necə xərcləndiyinə görə cavab verməliyik.”
O, humanitar təşkilatların şokedici statistikasına toxunaraq bildirib: Qəzzə əhalisinin üçdə biri günlərdir yemək yemir, uşaqlar aclıqdan ölür, xəstəxanalar dağılır. Kütləvi aclıq başlayandan sonra onu dayandırmaq demək olar ki, mümkün deyil.
ABŞ senatoru fəlakətdə İsrailin birbaşa roluna işarə edib: İsrail Martın 2-dən Mayın 19-dək Qəzzəyə bir dənə də olsun yardım göndərilməsinə icazə verməyib. Son iki ayda 1000-dən çox fələstinli yemək almağa çalışarkən güllələnib. Bu qətllər İsrail hökumətinin düşünülmüş siyasətinin nəticəsidir.
Sanders ABŞ-ın İsrailə hərbi yardımına toxunaraq deyib: “Birləşmiş Ştatlar 2023-cü ildən bəri İsrailə 22 milyard dollardan çox hərbi yardım verib. Başqa sözlə, Amerikalı vergi ödəyicilərinin pulu uşaqların ac qalmasına, dinc sakinlərin bombalanmasına və Netanyahu hökumətinin zorakılığını dəstəkləməyə xərclənir.”
O, xəbərdarlıq tonu ilə sözlərini yekunlaşdırıb: Bəsdir! Ağ Ev və Konqres bu müharibəni dayandırmaq üçün dərhal bütün təsir imkanlarından istifadə etməlidir. Tarix bu insan faciəsi qarşısında susqun qalanları heç vaxt bağışlamayacaq.
Bu açıqlamalar fələstinlilərin ölənlərin sayının 60 000-i keçdiyi və Beynəlxalq Cinayət Məhkəməsinin İsrail baş nazirinin həbsinə order verdiyi bir vaxta təsadüf edir. Beynəlxalq təşkilatlar da Qəzzənin “qarşısı alına bilən ölüm sunamisi” ilə üzləşdiyi barədə xəbərdarlıq ediblər.