İllinoys ştatının Çikaqo şəhərində bir qrup etirazçı, Donald Tramp hökumətinin avtoritar siyasətlərinə etiraz olaraq 63 kilometr uzunluğunda insan zənciri təşkil edib.
Xarici KİV-in bazar ertəsi CBS televiziya kanalına istinadla verdiyi xəbərə görə, etirazçılar qrupu Trampın “qanunsuz və avtoritar hərəkətlərinə” qarşı nümayiş keçirib. Təşkil edilən insan zəncirinin uzunluğu 39.5 mil, yəni təxminən 63.5 kilometr olaraq bildirilib.
Etirazçılar arasında ətraf mühit fəallarından tutmuş müharibələr nəticəsində yaralanmış ordu veteranlarına qədər müxtəlif qruplar iştirak edib.
İnsan zəncirində iştirak edən etirazçılardan olan İnqrid Ninma verdiyi bəyanatda bildirib ki, bu aksiya ona Şərqi Avropadakı oxşar etirazları xatırladıb.
O, verdiyi mətbuat bəyanatında deyib: “1989-cu ildə əmim oğlu və həyat yoldaşı Estoniya, Latviya və Litva boyunca uzanan bir insan zəncirində əl-ələ verdilər. O zaman Baltikyanı ölkələrin əhalisinin 25 faizi Sovet İttifaqının 50 illik vəhşi işğalının bitməsini tələb edirdi və nəhayət, 1991-ci ildə Baltikyanı ölkələr müstəqillik qazandılar.”
Bu amerikalı fəal daha sonra əlavə olaraq bildirib: “Bu gün mən “Çikaqo boyunca əllər” qrupuna qoşuldum ki, azadlığın dəyərini bilən və insan haqlarına inanan minlərlə amerikalı ilə birlikdə istibdad və korrupsiyanı pisləyim.”
Hesabatlara əsasən, bu etiraz aksiyasında iştirak edənlərin sayının 15 min nəfər olduğu açıqlanıb.