Amerika qəzetlərib biri yazıb ki, ABŞ-ın baş prokuroru Pam Bondi May ayında prezident Donald Trampa onun adının korrupsiyaya uğramış maliyyəçi və amerikalı cinsi istismar cinayətkarı Ceffri Epsteinin fayllarında olduğunu deyib.
“Wall Street Journal” çərşənbə günü hökumətin yüksək vəzifəli rəsmilərinə istinadən xəbər verib ki, Bondi və onun müavini Ağ Evdə keçirilən bir görüşdə Trampa Epstein işi ilə bağlı məlumat veriblər və bu işdə bir çox tanınmış simaların adı keçir.
Hesabatda qeyd olunub ki, Bondi ABŞ prezidentinə bu işlərdə Tramp da daxil olmaqla, bir çox şəxslə bağlı təsdiqlənməmiş şayiələrin yer aldığını bildirib.
Həmçinin, Bondi və onun müavini Trampa bildiriblər ki, Ədliyyə Nazirliyinin yüksək vəzifəli rəsmiləri, cinsi cinayət törətmiş və artıq məhkum olunmuş bu şəxslə bağlı istintaq sənədlərinin əlavə hissələrini açıqlamaq niyyətində deyillər. Çünki bu sənədlərdə uşaq istismarı və qurbanlara dair şəxsi məlumatlar var.
Amerika nəşri bu xəbəri o vaxt yayıb ki, Florida ştatında yerləşən federal məhkəmə çərşənbə günü ABŞ Ədliyyə Nazirliyinin Epstein işi ilə bağlı münsiflər heyətinin sənədlərinin açıqlanması tələbinin qarşısını alıb.
Ağ Ev “Wall Street Journal”ın hesabatını “saxta xəbər” adlandırıb və onu qəti şəkildə rədd edib.
CNN telekanalı isə çərşənbə axşamı Trampın Epstein ilə əlaqəsini göstərən yeni videolar və fotolar yayımlayıb.
Trampın əxlaqi qalmaqalı ilə bağlı mübahisələr, ABŞ Ədliyyə Nazirliyinin istintaqı nəticəsində Epsteinin 2019-cu ildə intihar etdiyi və onun uşaq istismarında ortaq olan məşhur şəxslərin siyahısının mövcud olmadığı qənaətinə gəlməsi ilə başlayıb. Tramp tərəfdarları əvvəllər onun qətlə yetirildiyini və belə bir siyahının mövcud olduğunu düşünürdülər və iddia edirdilər ki, yalnız Tramp bu siyahını açıqlaya bilər.
Trampın reaksiyası “Epsteini əhəmiyyətsiz göstərmək” olub və bildirib: “Qoy Pam Bondi, baş prokuror, işini görsün.”
Cümə axşamı, “Wall Street Journal” Trampın adının yazıldığı, seksual məzmunlu bir məktubu da daxil edən yeni bir hesabat yayımlayıb. Tramp həmin məktubu yazdığını təkzib edib və onu “yalan, pis niyyətli və böhtan xarakterli” adlandırıb.
Tramp indiyədək dəfələrlə bu cinsi cinayətkarla əlaqəsini inkar edib və bildirib: “Mən heç vaxt Epsteinin təyyarəsinə minməmişəm, ya da onun axmaq adasında olmamışam.”
Digər tərəfdən, son vaxtlar Ağ Evdə baş məsləhətçi vəzifəsindən istefa verən İlon Mask əvvəlcə iddia etmişdi ki, Epstein ilə əlaqəli şəxslərə dair hökumətin açıqlamadığı sənədlərdə Respublikaçıların liderinin də adı keçir.