Üç media orqanının apardığı araşdırmalar göstərir ki, Avropanın ən böyük raket istehsalçısı İsrail rejiminin Qəzzəyə endirdiyi hava hücumlarında istifadə edilən və dinc əhalinin, o cümlədən uşaqların şəhid olmasına səbəb olan GBU-39 bombalarının komponentlərinin istehsalçısıdır.
The Guardian, Disclose və Follow the Money birlikdə bu əsas komponentlərin MBDA tərəfindən istehsal edildiyini açıqladı. Diamondback qanad sistemi ilə təchiz edilmiş bombalar mülki əhalinin ölümü ilə nəticələnən 24 təsdiqlənmiş hücumda istifadə edilib. Bu hücumlardan biri 26 May 2024-cü ildə Qəzzə şəhərindəki Fəhmi əl-Cərcavi məktəbində baş vermiş və 18-i uşaq olmaqla, 36 nəfər həyatını itirmişdi.
MBDA-nın fəaliyyətinin təfərrüatları
Fransada baş ofisi yerləşən MBDA şirkəti, ABŞ-ın Alabama ştatındakı filialı vasitəsilə “qanad” (aerodinamik qanadcıq) adlanan hissələr istehsal edir. Bu hissələr Boeing şirkəti tərəfindən istehsal olunan GBU-39 bombalarına birləşdirilir. Bombalar atıldıqdan sonra bu qanadlar açılır və onların hədəfə dəqiq istiqamətləndirilməsini təmin edir.
ABŞ-dakı MBDA şirkətinin əldə etdiyi gəlirlər, Britaniyanın Hertfordşir bölgəsində yerləşən MBDA UK vasitəsilə MBDA qrupuna ötürülür və bu qrupun əsas səhmdarları – Böyük Britaniyadan BAE Systems, Fransadan Airbus və İtaliyadan Leonardo – arasında bölüşdürülür. Ötən il MBDA səhmdarlarına təxminən 350 milyon funt sterlinq qazanc paylayıb.
The Guardian məlumatlı mənbələrdən əldə edilən məlumatlara və silah ekspertlərinin təhlilinə əsaslanaraq GBU-39 bombasının mülki əhalinin, xüsusən də uşaqların ölümünə səbəb olan hücumlarda istifadə edildiyini bildirir. Bu hücumların çoxu gecə saatlarında, əvvəlcədən xəbərdarlıq edilmədən, məktəblər, çadır düşərgələri və yaşayış evləri kimi yerlərdə baş verib. Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Amnistiya Təşkilatı bu hücumların bəzilərini şübhəli müharibə cinayətləri kimi araşdırıb. Məsələn, Fəhmi əl-Cərcavi məktəbinə hücumda Hənin əl-Vadiyə adlı beş yaşlı qız ağır yaralanıb və valideynlərini və tək bacısını itirib. O, ağır yanıqlar və dərin psixoloji travma alıb və bu yaxınlarda müalicə üçün İordaniyaya köçürülüb.
Beynəlxalq hüququn pozulması
Beynəlxalq humanitar hüquq, məktəblər kimi mülki infrastruktura hücumları da qadağan edir və münaqişə tərəflərindən mülki itkiləri minimuma endirməyi tələb edir. Amnesty İnternational təşkilatının baş tədqiqatçısı Donatella Rovera vurğulayıb ki, hərbi hədəflər mövcud olduqda belə, mülki əhali arasında itkilərin qarşısını almaq üçün tədbirlər görülməlidir.
Fəhmi əl-Cərcavi məktəbinə hücumla bağlı heç bir xəbərdarlıq edilməyib. İsrail ordusu iddia edib ki, məktəb HƏMAS və Fələstin İslami Cihad üçün komanda və nəzarət mərkəzi olub və mülki itkiləri minimuma endirmək üçün dəqiq döyüş sursatlarından istifadə edib. Bununla belə, silah ekspertləri dağıntılar arasında GBU-39 bombasının fraqmentlərini müəyyən ediblər.
GBU-39 bombaları ABŞ-ın hərbi yardım proqramı vasitəsilə İsrailə çatdırılır. 2023-cü il Oktyabrın 7-də HƏMAS hücumundan sonra təxminən 4800 bomba İsrailə çatdırılıb. ABŞ Dövlət Departamenti bu bombaların istifadəsini dəstəkləyir, çünki onlar daha yüngüldür (250 funtdan azdır) və daha ağır bombalardan daha az zərər verir. Ancaq qapalı yerlərdə bu bombalar ölümcül yanğınlara səbəb olur. 2023-cü ilin Noyabrından 2024-cü ilin mayına qədər təsdiqlənmiş 24 hücumda ən azı 100-ü uşaq olmaqla, 500-dən çox insan həyatını itirib.