İngiltərə hökuməti təxminən iki il davam edən gizlətmə və super məxfi məhkəmə qadağasından sonra ölkənin Müdafiə Nazirliyindəki ən böyük informasiya qalmaqlarından birini etiraf etdi. Bu qalmaqal təxminən 20 min əfqan vətəndaşın şəxsi məlumatlarının açıqlanmasına səbəb olub və hazırda London minlərlə şəxsin İngiltərə ərazisinə gizli şəkildə yenidən yerləşdirilməsini təmin edən xüsusi bir planı həyata keçirməyə məcburdur.
İngiltərə Müdafiə Naziri Con Hayli çərşənbə axşamı parlamentdə çıxış edərək, Əfqanıstanda İngiltərə qüvvələri ilə əməkdaşlıq etmiş minlərlə əfqan vətəndaşının məxfi məlumatlarının açıqlanması ilə bağlı rəsmi üzr istəyib. O, bu açıqlamanı “ciddi təşkilati səhv” adlandırıb və əvvəlki hökumətin parlamentə, ictimaiyyətə məlumat vermədən məhkəmə senzurası altında bu məlumatları gizlətdiyini bildirib.
Bu böhran 2022-ci ilin Yanvarında başlayıb. O zaman İngiltərə Müdafiə Nazirliyinin bir əməkdaşı səhvən təxminən 18 700 əfqan vətəndaşının şəxsiyyət və əlaqə məlumatlarını yanlış şəxslərə göndərib. Nazirlik bu səhvi 2023-cü ilin Avqustuna qədər bilməyib və həmin ilin sentyabrında məhkəmədən super məxfi qadağa qərarı alaraq məlumatların yayılmasının qarşısını alıb.
Bu açıqlamadan sonra İngiltərə hökuməti “Əfqan Cavab Marşrutu” adlı gizli proqram həyata keçirməyə məcbur olub. Bu proqram vasitəsilə Londondan edilən qiymətləndirməyə əsasən, Talibanın birbaşa təhlükəsində olan azı 7 000 əfqan və ailələri gizli şəkildə İngiltərəyə köçürülür. İndiyədək təxminən 900 nəfər və 3 600 ailə üzvü bu marşrut vasitəsilə İngiltərəyə daxil olub. Müdafiə naziri bildirib ki, bu proqram indiyədək təxminən 400 milyon funt sterlinqə başa gəlib.
Lakin 2025-ci ilin Fevralında hazırlanmış başqa bir dövlət sənədinə görə, layihənin yekun xərcləri 7 milyard funt sterlinqə qədər arta bilər. Bundan əlavə, zərərçəkənlərin məhkəmə iddiaları və mümkün kompensasiyalar hökumətə əlavə maliyyə yükü gətirəcək. Hal-hazırda bu qalmaqaldan zərər görmüş ən azı min nəfər hüquqi təşkilat “Barings Law” vasitəsilə rəsmi şikayət prosesini davam etdirir.
“Barings Law” hüquq şirkəti İngiltərə hökumətini qəsdən gizlətməkdə və ictimaiyyəti aldatmaqda ittiham edib və bildirib ki, bu məlumatların açıqlanması minlərlə insanın həyatını təhlükəyə atıb. “Sky News”un iddiasına görə, açıqlanan siyahıda adı olan bəzi şəxslər son aylarda Taliban tərəfindən öldürülüb.
Müdafiə naziri çıxışında qeyd edib ki, açıqlanan siyahıdakı bütün şəxslər hələ müəyyənləşdirilməyib və məlumatlar natamam və ya köhnədir. O, həmçinin köçürmə proqramına daxil olanların hamısının ciddi təhlükəsizlik yoxlamalarından keçəcəyini vurğulayıb.
Xarici KİV-in məlumatına görə, İngiltərə Müdafiə Nazirliyi son illərdə bir neçə dəfə həssas məlumatların yayılması ilə bağlı tənqid olunub. 2023-cü ilin Dekabrında Britaniya Məlumat Komissarı Nazirliyi 2021-ci ilin Sentyabrında baş vermiş oxşar məlumat sızması səbəbindən 350 000 funt cərimələyib. O zaman da 265 əfqan vətəndaşının məlumatları səhvən digər şəxslərə göndərilmişdi.
Bu qalmaqal indi ictimai təzyiq və hökumət dəyişikliyindən sonra açıqlanıb və İngiltərə Müdafiə Nazirliyinin həssas məlumatların idarə edilməsində struktur zəifliyini ortaya qoyub. Eyni zamanda, bu, ölkənin beynəlxalq nüfuzuna böyük zərbə vurub. Bir çox müşahidəçilər bu qalmaqalı yüksək səviyyədə sistematik səhlənkarlıq və idarəetmə çatışmazlığı kimi qiymətləndirir və nəticələrinin zamanla daha da genişlənəcəyini proqnozlaşdırırlar.