Əksər Avropa ölkələrinin susqunluğu fonunda İspaniyanın baş naziri ötən həftə Avropa İttifaqını İsrailə qarşı ikili standartlarda sərt şəkildə ittiham edib. Avropanın Rusiya və İsrailə qarşı davranışını müqayisə edib və Tel-Əvivlə əməkdaşlıq sazişini dərhal dayandırmağa çağırıb.
Xarici KİV-in verdiyi məlumata əsasən, İspaniyanın baş naziri Pedro Sançes deyib: “Avropa İttifaqının İsrailə qarşı heç bir tədbir görmədiyi halda Rusiyaya qarşı 17 sanksiya tətbiq etməsi mənasızdır. Avropa ikili standartlarla hərəkət edir və hətta İsraillə Əməkdaşlıq Sazişini dayandırmağa belə qadir deyil.”
O, əlavə edərək bildirib: “Avropa İsrail işğalçıları tərəfindən davamlı insan haqları pozuntularına qarşı mübarizə aparmaq üçün hərəkətə keçməlidir və bu gün mən (ötən həftə) Avropa İttifaqını İsraillə Əməkdaşlıq Sazişini dərhal dayandırmağa çağıracağam.”
İspaniyanın baş nazirinin bu bəyanatları Avropa İttifaqının siyasi atmosferində dönüş nöqtəsi hesab olunur və eyni zamanda, işğal olunmuş Fələstin ərazilərində humanitar böhranın həlli ilə bağlı Avropa ölkələri arasında dərin fikir ayrılığının olduğunu göstərir.
Bu bəyanatlar Avropa vətəndaş cəmiyyəti və ictimai rəyinin Qəzza böhranı və fələstinlilərə qarşı repressiyalarla bağlı mənəvi və şəffaf mövqe tutmaları üçün siyasi liderlərə etdiyi təzyiqin bariz əksidir.
O, həmçinin ölkəsinin Avropa İttifaqından İsrailə silah satışını qadağan etməyi və bu siyasətlərə qarşı çıxanların cəzalandırılmasını istəyəcəyini bildirib.