Nyu-York Universiteti məzuniyyət mərasimində İsrail rejiminin Qəzzəyə hücumlarını pisləmək üçün çıxış edən bir tələbənin diplomunu müvəqqəti olaraq dayandırmaq qərarına gəlib.
Bu tələbə məzuniyyət mərasimində çıxışı zamanı sionist rejimin Qəzzədə həyata keçirdiyi hərbi əməliyyatları tənqid edib və fələstinlilərə dəstəyini ifadə edib. Universitet isə bu hərəkəti rəsmi mərasimin məqsədindən kənar sayaraq, bu çıxışın nizam-intizama zidd olduğunu bildirib və diplomun verilməsini dayandırıb.
Hadisə ictimaiyyətdə və sosial mediada geniş əks-səda doğurub, bir çoxları bu qərarı söz və ifadə azadlığına zidd hesab edərək tələbəyə dəstək ifadə ediblər.
Xarici KİV-in verdiyi məlumata görə, Nyu-York Universitetinin sözçüsü Con Bekman tələbənin məzuniyyət mərasimindəki çıxışını pisləyib və bildirib ki, universitet onun elmi dərəcəsini dayandırmaqla yanaşı, ona qarşı başqa intizam tədbirləri də axtarır.
Tələbənin adı Loqan Rozosdur və o, Nyu-York Universitetinin Gallatin Məktəbinin aspirantıdır.
O, məzuniyyət nitqində “İsrailin Qəzzədəki soyqırımını” pisləyib və ABŞ hökumətinin bu soyqırımı Amerika vergi ödəyicilərinin pulu ilə dəstəklədiyini bildirib.
Məlumata görə, bu çıxış tamaşaçıların Rozosu bir neçə dəqiqə ayaqda alqışlamasına səbəb olub.
Bununla belə, İsrailyönlü qruplar çıxışı pisləyib və universitet rəsmilərini sərt cavab verməyə çağırıblar.
Açıqlamada Nyu York Universitetinin sözçüsü bu çıxışa görə üzr istəyib və Rozosun çıxışında nə deyəcəyinə dair “yalan danışdığını” iddia edib.
Birləşmiş Ştatlardakı universitetlər son aylarda Fələstinə dəstək verən hər hansı çıxış və ya nümayişi yatırmaq üçün hökumətin güclü təzyiqinə məruz qalıb.
Tramp administrasiyası eyni bəhanə ilə son həftələrdə bir neçə universitetə federal maliyyəni kəsib.