İsrail mənbələri xəbər veriblər ki, Bakı şəhərində bu rejim ilə Türkiyə arasında Suriyadakı nüfuz bölgələrinin bölüşdürülməsi ilə bağlı danışıqlar aparılır.
Türkiyə və İsrail mənbələri Bakı şəhərində iki tərəf arasında Suriya mövzusunda danışıqların başladığını bildirərkən,İsrailin TV kanallarından biri bu danışıqlarla bağlıyeni təfərrüatları üzə çıxarıb.
Bu kanal öz mənbələrinə istinadla iddia edib ki, Türkiyə və İsrail Suriyadakı təsir dairələrinin bölüşdürülməsi ilə bağlı məsləhətləşmələr aparırlar.
Bir israilli siyasi mənbə kanala bildirib: İsrail Bakı görüşündə açıq şəkildə bəyan edib ki, Suriyada xarici qüvvələrin yerləşməsində istənilən dəyişiklik – xüsusilə Palmirada Türkiyənin hərbi bazalarının yaradılması – qırmızı xətdir və oyunun qaydalarının pozulması hesab olunur.
İsrail bundan əvvəl də açıq şəkildə bildirmişdi ki, belə bir təhdidin qarşısını almaq Dəməşq hökumətinin məsuliyyətidir. İsrailin təhlükəsizliyini təhdid edən hər bir addım Əhməd əş-Şər hökumətini də riskə atacaq.
Binyamin Netanyahu-nun ofisi də bu gün – cümə axşamı – İsrail və Türkiyə nümayəndələri arasında belə bir görüşün Azərbaycan Respublikasında keçirildiyini təsdiqləyib. Bu görüşdə İsrail nümayəndə heyətinə İsrail Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Hanegbi başçılıq edib.
Türkiyə hökumətinə yaxın mənbələr də bu gün bildirib ki, Ankara və Təl-Əviv dünən Azərbaycan Respublikasında ilk texniki görüşlərini keçiriblər və Suriyada arzuolunmaz hadisələrin qarşısını almaq məqsədilə toqquşmaların qarşısını alma mexanizminin yaradılması barədə danışıblar.
Türkiyə və İsrailin bir-birinə qarşı hədələmələri
Bu danışıqlarla paralel olaraq, İsrail mənbələri xəbər verib ki, Netanyahu Vaşinqtona səfəri zamanı Trampa bildirib ki, “İsrail, lazım olduğu təqdirdə, Türkiyə ilə hərbi qarşıdurmada tərəddüd etməyəcək.”
Digər tərəfdən də, Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan da bir televiziya müsahibəsində bildirib: Suriya müstəqil bir ölkədir və əgər bizimlə hərbi müqavilə bağlayarsa, biz onlara edə biləcəyimiz hər cür dəstəyi verməyə hazırıq.
Fidan “Bir qonşu ölkədəki hər hansı bir qeyri-sabitlik, Türkiyəyə təsir edir və ona zərər verir” deyərək xəbərdarlıq edib ki, Ankara bu məsələyə laqeyd qala bilməz.