Türkiyə polisi ölkədəki xalq etirazlarını işıqlandıran bir neçə jurnalisti həbs edib. Birləşmiş Millətlər Təşkilatı isə bu hərəkətə reaksiya verərək, mətbuat azadlığına hörmət göstərilməsini tələb edib.
Türkiyə polisi bazar ertəsi səhəri erkən saatlarda ölkədə 1130-dan çox etirazçının həbsi ilə eyni vaxtda Türkiyə polisi məşhur türk fotoqrafı Bülənt Kılıç və Fransanın Xəbər Agentliyinin (AFP) müxbiri Yasin Akçöl də daxil olmaqla, bir sıra məşhur jurnalisti həbs edib.
Türkiyə Jurnalistlər İttifaqı bazar ertəsi verdiyi açıqlamada İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlunun həbsinə etiraz olaraq keçirilən xalq etirazlarını işıqlandıran 9 jurnalistin həbs edildiyini təsdiqləyib.
BMT-nin sözçüsü Stefan Duzarik Türkiyədə jurnalistlərin həbsinə reaksiya verərək bildirib: “Jurnalistlərə hər yerdə, xüsusilə də Türkiyədə azad şəkildə və təqib və ya həbs olunma qorxusu olmadan fəaliyyət göstərmək imkanı verilməlidir.”
Türkiyəli rəsmilər bu məlumat dərc olunana qədər jurnalistlərin həbs olunma səbəbi ilə bağlı hər hansı bir açıqlama verməyiblər.
İstanbul bələdiyyə sədrinin həbsi və mühakimə olunmasından sonra Türkiyə ötən çərşənbə günündən etibarən ölkənin mühüm şəhərlərində, xüsusilə İstanbul, Ankara və İzmirdə son 10 ildə görünməmiş nümayişlərə şahid olub.
İmamoğlunun partiyası İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlunun həbsini siyasi motivlərlə izah edir. Lakin Türkiyə rəsmiləri bildirib ki, İmamoğlunun həbsinə müdaxilə etməyiblər və bu, müstəqil məhkəmə sisteminin qərarıdır.
İmamoğlunun həbsinə etiraz edən nümayişlər zorakılığa çevrilib və Türkiyə polisi etirazçıları dağıtmaq üçün bibər qazı, gözyaşardıcı qaz və şırnaqlardan istifadə edib.
Türkiyə hakimiyyəti etirazların yayılmasının qarşısını almaq üçün Ərdoğanın hərəkətlərini tənqid edən yüzlərlə istifadəçi hesabını bloklayıb.