“Declassified UK” adlı ifşaçı vebsayt yayımladığı hesabatda bildirib ki, İngiltərənin Hava Qüvvələri gizli şəkildə və ictimaiyyətə məlumat verilmədən, ABŞ-ın qırıcılarına havada yanacaq verərək Yəməndəki bombardmanlara qatılıb.
Yayımlanan hərbi uçuşların izləmə məlumatlarına görə, 15 Mart şənbə günü, İngiltərə Hava Qüvvələrinin “Voyager KC2” yanacaq daşıyan təyyarəsi, saat 17:49 GMT-də Kipr’dəki Akrotiri bazasından Qırmızı dənizin şimalına doğru uçaraq, təxminən 5 saat ərzində ABŞ-ın qırıcılarına yanacaq təmin edib.
Bu təyyarənin ikinci uçuşu isə 16 Mart bazar günü eyni bölgəyə həyata keçirilib və bu müddət ərzində, yenidən ABŞ-ın “USS Harry S. Truman” aviadaşıyıcısından havaya qalxan qırıcıları dəstəkləyərək, Yəmənin müxtəlif bölgələrini bombardman etməyə davam etmələrinə kömək edib. Bu əməliyyatlar 5 saatdan çox davam edib.
Yəmən mənbələri bildirib ki, ABŞ və İngiltərənin qırıcıları və bombardmançıları bu ağır hücumlar zamanı Səna, Səədə və Hudeydə vilayətlərində mülki əraziləri və infrastrukturu hədəf alıb. Bu hücumlar nəticəsində ən azı 53 mülki şəxs, o cümlədən 5 uşaq və 2 qadın həyatını itirib, 101 nəfər isə yaralanıb.
Yəmən xəstəxana mənbələri, bu hücumlar nəticəsində ciddi şəkildə yaralanmış və yanmış uşaqların ürək ağrıdan şəkillərini yayımlayıb. Bu uşaqlar, hücumlardan sonra Səədənin şəhər xəstəxanalarına gətirilib.
Declassified UK, İngiltərə Müdafiə Nazirliyinin bir rəsmisinə istinad edərək Londondan bu hücumlarda iştirak etdiyini təsdiqləyib. Adının açıqlanmasını istəməyən İngiltərə Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, İngiltərə ABŞ-ın müttəfiqi olaraq, bölgədəki ABŞ aviadaşıyıcısını müdafiə etmək üçün normativ hava yanacaq təminatı əməliyyatı həyata keçirib.
Bu ifşa, İngiltərədə və beynəlxalq miqyasda geniş etirazlara səbəb olub. Son vaxtlarda bir qrup etirazçı, Kipr-dəki Akrotiri hava bazasının qarşısında toplaşaraq, ABŞ-ın Yaxın Şərqdəki hərbi əməliyyatlarına dəstək üçün bu bazanın istifadəsinin dayandırılmasını tələb edib.