Trampın İsrail əleyhinə fəalları yatırmaq vədi çərçivəsində, ABŞ-ın miqrasiya məmurları fələstinli bir tələbəni həbs ediblər.
Federal məmurlar Nyu-Yorkdakı Kolumbiya Universitetinin İctimai və Beynəlxalq Münasibətlər fakültəsinin magistratura tələbəsi Mahmud Xəlili, ötən il Qəzzədəki soyqırımın ortasında Fələstini dəstəkləmək üçün keçirilən etiraz aksiyalarındakı fəaliyyətlərinə görə həbs ediblər.
Kolumbiya Tələbə İşçiləri İttifaqı bəyanatında bildirib ki, Xəlil ötən şənbə günü axşam universitetdəki yaşayış yerində Daxili Təhlükəsizlik Nazirliyinin məmurları tərəfindən həbs olunub.
Məlumatlara görə, onun həyat yoldaşı ABŞ vətəndaşıdır və hamiləliyinin səkkizinci ayındadır. O isə ABŞ-ın daimi yaşayış icazəsi olan yaşıl kart sahibidir. Vətəndaş hüquqları qrupları onun həbsini pisləyiblər.



O, şənbə günü həbs olunmazdan bir neçə saat əvvəl Reuters agentliyinə verdiyi müsahibədə, Trampın tələbə etirazçılarına yönəltdiyi tənqidləri barədə danışaraq, mətbuata verdiyi açıqlamalara görə Tramp administrasiyasının hədəfinə çevriləcəyindən narahat olduğunu bildirmişdi.
ABŞ-ın xarici işlər naziri Marko Rubio Xəlilin həbsinə dair bir hesabatı sosial şəbəkələrdə paylaşaraq bildirib: “Biz HƏMAS tərəfdarlarının ABŞ-dakı vizalarını və yaşıl kartlarını ləğv edəcəyik ki, onları deportasiya edək.”