ABŞ prezidenti Co Baydenin səudiyyəli jurnalist Camal Qaşıqçının qətli ilə bağlı yayılan sənədə rəğmən Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmana sanksiya tətbiq etməməsi diqqət çəkib.
“MediaPost” xəbər verir ki, bir sıra xarici media orqanları verdiyi sözə əməl etmədiyinə görə Baydeni tənqid edib:
CNN: “Bayden yüksək səlahiyyətli səudiyyəliləri cəzalandıracağı ilə bağlı söz versə də, vəliəhd şahzadəni cəzalandırmayıb”.
“New York Times”: “Münasibətlərin zərər görməsi qorxusu ilə Bayden Qaşıqçı cinayəti məsələsində səudiyyə şahzadəsini cəzalandırmayacaq”.
Birləşmiş Millətlər Təşkilatının Məhkəmədənkənar və Təsadüfi Edam üzrə Xüsusi məruzəçisi Aqnes Kallamard da Məhəmməd bin Salmana sanksiya tətbiq edilməsi gərəkdiyini bildirib. A.Kallamard hələ dövlət başçısı olmayan şahzadəyə qarşı mülki qaydada iddia qaldırıla biləcəyini vurğulayıb.
ABŞ-lı siyasətçilər də Baydeni cavabdeh şəxslərdən hesabat tələb etməyə çağırıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının müxalifətçi jurnalisti Camal Qaşıqçı cinayəti ilə bağlı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) hazırladığı “çox gizli” hesabatın detalları mediaya sızıb. Hesabatda Qaşıqçı cinayətinin arxasında 35 yaşlı vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın olduğuna dair iddialar yer alıb.
Səudiyyə Ərəbistanı isə iddiaları rədd edib.